İDMAN
“Neftçi” komandası “Sumqayıt”a qalib gələrək turnir cədvəlinin altıncı pilləsinə yüksəlib
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Topaz Premyer Liqasının 11-ci turunda Sumqayıtda bu şəhərin eyni adlı komandası “Neftçi”ni qəbul edib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin yeddinci pilləsində qərarlaşan “Neftçi” altıncı yerdə olan “Sumqayıt” komandasına 2:1 hesabı ilə qalib gələrək xallarının sayını 13-ə çatdırıb.
Görüşdə hesabı sumqayıtlılar açıblar. Oyunun 7-ci dəqiqəsində Uğur Pamuk komandasını hesabda irəli çıxarıb. Lakin paytaxt klubu 73-cü dəqiqədə Fəhmin Muradbəylinin qolu ilə hesabı bərabərləşdirib. Maçın 77-ci dəqiqəsində isə “Neftçi”nin futbolçusu Ruslan Qurbanov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasının qələbəsini rəsmiləşdirib.
Bu qələbə sayəsində flaqman çempionatda altıncı pilləyə yüksəlib. “Sumqayıt” isə ardıcıl qələbə seriyasını davam etdirə bilməyərək Premyer Liqada 7-ci sırada yer alıb.