İDMAN
“Neftçi” komandası UEFA Avropa Liqasında mübarizəyə qələbə ilə başlayıb VİDEO
Bakı, 30 iyun, Elşad Qəzvini, AZƏRTAC
İyunun 30-da Bakının “Neftçi” komandası UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyununu səfərdə Maltanın “Baltsan” klubuna qarşı keçirib.
AZƏRTAC xəbər verir ki, tarixində 16-cı dəfə avrokubok turnirlərində mübarizəyə qoşulan paytaxt təmsilçisi Malta klubunu iki cavabsız qolla məğlub edib - 2:0.
Görüşü monteneqrolu hakimlər briqadası idarə edib. “Neftçi”nin üstünlüyü şəraitində keçən matçın 14-cü dəqiqəsində Rəhman Hacıyev hesabı açıb. Oyunun sonuna 7 dəqiqə qalmış Ruslan Qurbanov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək “Neftçi”nin qələbəsini rəsmiləşdirib.
Beləliklə, Vəli Qasımovun yetirmələri mərhələni keçmək üçün səfər qarşılaşmasında sərfəli nəticə əldə ediblər.
Cavab görüşü iyulun 7-də Bakıda keçiriləcək.
“Neftçi” turu keçəcəyi təqdirdə II təsnifat mərhələsində “Şkendiya” (Makedoniya) - “Krakoviya” (Polşa) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.