İDMAN
“Neftçi” komandasının 2015/2016-cı il mövsümündəki çıxışı qənaətbəxş hesab olunub
Bakı, 31 may, AZƏRTAC
Bakının “Neftçi” klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda klubun futbol akademiyası və əsas komandasının 2015/2016-cı il mövsümündəki fəaliyyəti müzakirə olunub.
İclasda mövsümün yekunlarına əsasən, “Neftçi”nin futbol akademiyasının fəaliyyəti və əsas komandanın qarşıya qoyulan məqsədlərə (UEFA Avropa Liqasına və ölkə kubokunun finalına vəsiqə qazanmaq) çatması üçün görülən işlər qənaətbəxş hesab edilib.
İclasda əsas komandanın Avropa Liqasına və yeni mövsümə hazırlıq planı da təsdiqlənib. Hazırlıq planına əsasən komanda iyunun 14-15-də Türkiyəyə yola düşəcək. Komandanın hazırlıq keçdiyi tarixlərdə UEFA Avropa Liqasının ilk mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. “Neftçi”nin təlim-məşq toplanışının nə zaman yekunlaşacağına püşkatmanın nəticələrinin bəlli olmasından sonra aydınlıq gələcək.