MƏDƏNİYYƏT
Neftçi şairin 70 illik yubileyi keçirilib
Bakı, 30 may, Aynur İsmayılova, AZƏRTAC
Mayın 30-da Azərbaycanda Atatürk Mərkəzində tanınmış şair, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Səməd Vurğun” və “Qızıl qələm” mükafatı laureatı Zaməddin Ziyadoğlunun anadan olmasının 70, yaradıcılığının isə 55 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin (İB) sədri Ruhiyyə Məmmədova yubilyarın həyat yolundan və yaradıcılığından söhbət açıb.
Bildirib ki, təqdimat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “İkinci nəfəs - ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
“Biz ahıllar və tənhalar ilə bağlı müxtəlif tədbirlər həyata keçiririk və əsas məqsədimiz də onların cəmiyyətə inteqrasiyası və alternativ xidmətlərin təşkilinə yönəlib. Bu layihə çərçivəsində də Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşlar üçün doğum günlərinin, müxtəlif istirahət turlarının və digər mədəni-kütləvi tədbirlərin təşkili nəzərdə tutulub”, - deyə İB-nin sədri vurğulayıb.
Tədbirdə Bakı Slavyan Universitetinin dosenti Valeh Nəsibli şairin həyat və fəaliyyətindən söhbət açıb. Bildirib ki, Qazax rayonunun Xanlıqlar kəndində anadan olan şair ilk təhsilini öz doğma kəndində alıb. Bakıda neft texnikumunu, Moskvada Sosial Münasibətlər Akademiyasını bitirib. Zaməddin Ziyadoğlu 12 kitab müəllifidir, 33 kitaba “ön söz” yazıb, 75 kitabda şerləri çap olunub, şerləri Azərbaycan, Rusiya və Türkiyənin müxtəlif 115 qəzetində, 24 dərgisində dərc olunub, 20 şerinə musiqi bəstələnib.
Gəncliyində neftçi kimi əmək fəaliyyətinə Neft Daşlarında başlayıb, ömrünün 25 ilini bu sənətə bağlayıb. Şeirləri müntəzəm olaraq dövri mətbuatda, ədəbiyyat portallarında dərc olunub. “İlham bulağı”, “Vurğuna Vurğun gəlin”, “Tale yolum”, “Turşməzə əhvalatlar”, “Ümid çırağım”, “Borçalı nisgili”, “60 ildən 60 yarpaq”, “İzim, sorağım” və digər kitabların müəllifidir.
Tədbirdə digər çıxış edənlər onun həm də “Neftçi” Ədəbi Məclisinin sədri kimi ədəbi fəaliyyətini yüksək dəyərləndiriblər.
Tədbir çərçivəsində şairin “Ömür növrağı” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə şairin yaradıcılığından nümunələr səsləndirilib.
Sonda Z.Ziyadoğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.