MƏDƏNİYYƏT


Nəğmələrdə yaşayan ömür

A+ A

Bakı, 28 noyabr, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar, şair, gözəl ziyalı Bəhram Nəsibovun xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə B.Nəsibovun ömrünün müxtəlif anlarını əks etdirən videomaterial təqdim edilib.

Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev bəstəkarın həyat və yaradıcılığından söhbət açıb.

Bildirib ki, Bəhram Nəsibov 1942-ci ildə Füzuli rayonunda dünyaya gəlib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Xalq Artisti Soltan Hacıbəyovun kursunda təhsil alıb. Hələ tələbə ikən mahnılar bəstələməyə başlayıb. İlk mahnısı “Qarabağ” tez bir zamanda dillər əzbərinə çevrilib, onun populyarlaşmasına səbəb olub. Ömrünü musiqiyə həsr edən nəğməkar-bəstəkar özü də müxtəlif ovqatlı şeirlər yazıb və onlara mahnı bəstələyib. Bir-birinin ardınca “Sən də həmdəm, mən də həmdəm”, “Var gülüşündə”, “Şahnaz” təsnifi kimi məşhurlaşan “Deyin hardadır?”, “Səni qəmli görəndə”, “Gecələr”, “Bəxtəvər gəlin”, “Ay gecikən məhəbbətim”, “Qurban olum”, “Sən güləndə”, “Ay qız”, “Xatirəsən”, “Gəl inad etmə”, “Qadan mən alım”, “Qal, sənə qurban”, “Ay dəli ceyran” və ümumilikdə 300-ə yaxın mahnının müəllifi kimi ürəkləri fəth edib. Uzun illər xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilən 100-ə yaxın mahnının həm mətni, həm musiqisi ona məxsusdur. Bundan əlavə Bəhram Nəsibovun çoxlu sayda bəhri-təvilləri, uşaq mahnıları, səhnəcikləri radio və televiziyada nümayiş olunaraq tamaşaçıların zövqünü oxşayıb. Bəstəkar tar, fortepiano, gitara kimi alətlərdə öz mahnılarını məharətlə səsləndirib.

Bildirilib ki, 1993-cü ildə Füzuli rayonunun işğalından bir necə gün sonra beyninə qan sızan Bəhram Nəsibov 5 il xəstə yatıb, 1998-ci ildə vəfat edib.

Müasirlərinin B.Nəsibovu çox sevdiyini və yüksək dəyərləndirdiyini söyləyən Xalq Artisti Arif Babayev onun səmimi dost, sadə bir insan olduğunu, hər kəsə həssas yanaşdığını söyləyib. Onun “Qarabağ” mahnısının ilk ifaçısı olduğunu deyən xanəndə Bəhram Nəsibovun mahnılarının tanınmış ifaçılar - Tükəzban İsmayılova, Niyaməddin Musayev, Süleyman Abdullayev, Teymur Mustafayev, Elmira Rəhimova, İslam Rzayev, Nəzakət Məmmədova, Məmmədbağır Bağırzadə və başqalarının repertuarında xüsusi yer tutduğunu və ümumxalq məhəbbəti qazandığını bildirib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, “Şur”, “Şahnaz”, “Şüştər”, “Segah, “Bayatı-Şiraz”, “Çahargah” və başqa muğamlardan məharətlə bəhrələnən və onların əsasında mahnılar, təsniflər bəstələyən sənətkar özündən sonrakı nəsillər üçün olduqca qiymətli miras qoyub gedib. Onun yaratdığı əsərlər neçə-neçə nəslin zövqünün və ifa tərzinin formalaşmasında, püxtələşməsində böyük rol oynayıb.

Tədbirdə Xalq artistləri Arif Babayev, Gülyaz Məmmədova, Əməkdar artistlər Firuz Səxavət, Səbuhi İbayev, Sevinc Sarıyeva, gənc müğənni Eldəniz Məmmədov və başqaları onun mahnı və təsniflərini oxuyublar.

Sonda ailəsi adından oğlu Adil Nəsibov tədbirin təşkilatlarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.