MƏDƏNİYYƏT
Nəğmələrdə yaşayan ömür
Bakı, 30 aprel, AZƏRTAC
Qusar rayon uşaq incəsənət məktəbində Azərbaycanın tanınmış bəstəkarı Qəmbər Hüseynlinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Qusar rayon uşaq incəsənət məktəbinin nəzəriyyə şöbəsinin müəllimi Ella Hüseynova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Qəmbər Hüseynlinin şair Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi “Cücələrim” mahnısı nəinki ölkəmizdə, hətta xarici ölkələrdə də maraqla dinlənilir. Bəstəkarın 100-dən çox mahnısı indi də repertuardan düşməyərək könülləri fəth etməkdədir.
Konsertdə məktəblilər Qəmbər Hüseynlinin “İlk məhəbbət”, “Bulağa gəlsin”, “Söz olur”, “Ay işığında”, “Cücələrim”, “Nə vaxta qaldı”, “Qonşuda qız sevənin” və digər mahnılarını məharətlə ifa ediblər.
Sonda ölməz sənətkarın həyat və yaradıcılığını əks etdirən şəkil və materiallardan ibarət film nümayiş etdirilib.