DÜNYA
Nepal: gömrük humanitar yardımın çatdırılmasını ləngidir
Bakı, 4 may, AZƏRTAC
Nepalda xilasetmə və axtarış əməliyyatlarında 120 mindən çox insan, o cümlədən 4 min xarici mütəxəssis iştirak edir. Ölkə polisinin məlumatına əsasən, əməliyyatlar daha üç həftə davam edə bilər.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, çətin keçilən rayonların çox hissəsinə helikopterlər vasitəsilə humanitar yardım çatdırılıb. Son məlumata görə, zəlzələ qurbanlarının sayı artıq 7 min nəfəri keçib.
Bu arada beynəlxalq humanitar təşkilatlar Katmandu şəhərində Nepal gömrüyünün yardım yüklərini ləngitdiyini deyirlər. BMT ölkə hökumətini bütün dünyadan gələn humanitar yardımların çatdırılması zamanı gömrük məhdudiyyətlərini aradan qaldırmağa çağırıb. Nepal tərəfi isə öz növbəsində çadır əvəzinə mayonez göndərildiyini və bu səbəbdən də gömrüyün bütün yükləri yoxlamaq məcburiyyətində olduğunu iddia edib. Ölkədə yük maşınlarının və sürücülərin çatışmadığı bildirilir.
BMT-nin məlumatına əsasən, Nepalda baş verən güclü zəlzələ zamanı dağılmış və ya zədələnmiş evlərin sayı 600 mindən çoxdur.