DÜNYA
Nepaldakı 670 Fransa vətəndaşı ilə əlaqə yaratmaq mümkün olmayıb
Bakı, 27 aprel, AZƏRTAC
Güclü zəlzələnin baş verdiyi Nepalda olan 670-dən çox Fransa vətəndaşı ilə hələ də əlaqə yaratmaq mümkün olmayıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Romen Nadal bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nazirliyin zəlzələdən dərhal sonra yaradılan böhran qərargahına artıq 10,7 min zəng daxil olduğunu deyən diplomat ümumilikdə Nepaldakı 1274 Fransa vətəndaşının yerinin müəyyən edildiyini, daha 674 nəfərlə isə hələ də əlaqə qurmağın mümkün olmadığını qeyd edib. Zəlzələnin nəticələrini aradan qaldırmağa yardım etmək üçün Fransadan Nepala xilasedicilər qrupu yollanıb.
Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin afterşokları Hindistanın şimal-şərq ştatlarında, həmçinin Banqladeş və Tibetdə də hiss olunub.
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.