DÜNYA
Nepalın Baş naziri: zəlzələ qurbanlarının sayı 10 min nəfərə çata bilər VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Nepalda zəlzələ qurbanlarının sayı 10 min nəfərə çata bilər. Bunu ölkənin Baş naziri Suşil Koirala bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, onun sözlərinə görə, Nepal hökuməti çadır və tibbi ləvazimata kəskin ehtiyac duyur. İndiyədək 4349 nəfərin öldüyü və 8 min nəfərin yaralandığı təsdiqlənib. Baş nazir, həmçinin təbii fəlakət nəticəsində 1914 yaşayış binasının yerlə-yeksan olduğunu qeyd edib.
Nepalda baş verən dağıdıcı zəlzələ zamanı burada ümumilikdə 20 minə qədər turistin olması ehtimal edilir. Belə ki, hazırda ölkədə bahar turizminin qaynar vaxtıdır. Səfirliklərin əlindəki təsdiqlənmiş məlumatlara əsasən, indiyə qədər aralarında diplomatlardan birinin qızının da olduğu 5 hindistanlı və 4 Çin turisti həlak olub. Bu ölkəyə səyahət edən 300 avstraliyalının, 54 çexiyalının, 674 fransızın, 300 yaponiyalının, eləcə də 5 Hindistan, 7 Kolumbiya, 18 İndoneziya, 5 Litva, 28 Tayvan, 91 Ukrayna vətəndaşının taleyi barədə isə hələlik heç bir məlumat yoxdur.
Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin afterşokları Hindistanın şimal-şərq ştatlarında, həmçinin Banqladeş və Tibetdə də hiss olunub.
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Ölkədə su, ərzaq məhsulları və digər bir sıra gündəlik tələbat malları çatışmır. BMT regionda humanitar fəlakət təhlükəsi barədə bəyanat verib.
KİV-in yaydığı ən son məlumatlara görə, təbii fəlakət nəticəsində həlak olanların sayı artıq 5 min nəfəri keçib.