İQTİSADİYYAT
Nəqliyyat Mübadilə Mərkəzinin köçürüldüyü ərazidə normal fəaliyyət üçün nəzərdə tutulan işlər yekunlaşıb
Bakı, 3 aprel, Elvin Camalov, AZƏRTAC
"Koroğlu" metro stansiyası ətrafındakı Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) köçürüldüyü ərazidə normal fəaliyyət üçün nəzərdə tutulan işlər yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. O bildirib ki, BNA əməkdaşlarının iştirakı ilə yeni NMM-də avtobuslar üçün 4 perron salınıb və hər bir perrona daxil olan marşrut xətlərinə dair məlumatlandırıcı lövhələr quraşdırılıb. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün əraziyə beton plastik arakəsmələr qoyulub.
M.Ağayev qeyd edib ki, NMM-nin yerinin dəyişdirilməsində məqsəd paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən "Koroğlu" metro stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir.