İQTİSADİYYAT


Nəqliyyat dəhlizləri Azərbaycana hər il 2,5 milyard dollar qazandıra bilər

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Şərqlə-Qərbin, Şimalla-Cənubun qovşağında yerləşən Azərbaycan, unikal coğrafi mövqeyə malik olan dünyanın nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmayıb. Əksər hallarda isə bu proseslərin təşəbbüskarı elə Azərbaycandır. Qloballaşan dünyada ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. Azərbaycan dünyanın ən mühüm və böyük yol ayrıcı kimi qəbul olunur. Bu baxımdan da, “yol ayrıcı”nın yaratdığı imkanlardan səmərəli istifadəni təmin etməklə tranzit xidmətlərini postneft dövründə büdcənin əsas gəlir mənbələrindən birinə çevirmək qarşıda duran başlıca vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi dəstəyi ilə dövlət maraqlarını təmin edəcək irimiqyaslı işlər görülür. Ölkəmizdə tranzit yükdaşımaları stimullaşdırılmasına dair, dövlət başçısının imzaladığı çoxsaylı sərəncam və fərmanlar, verdiyi qərarlar, yüksək səviyyədə apardığı danışıqlar bu sahənin inkişafını təmin edəcək.

Azərbaycan hökumətinin, xüsusən “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı, tranzit daşımalarının artırılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi məsələlərini aktuallaşdırması və gündəliyə gətirməsi, strateji baxımdan olduqca mühüm addımdır. Həm də, bu addım zaman etibarı ilə tam yerinə düşdü. Ona görə ki, bunun üçün hazırda çox əlverişli konyuktura və siyasi şərait mövcuddur.

Azərbaycan üçün hazırda prioritet olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Beynəlxalq “Şimal-Cənub” Nəqliyyat dəhlizi ilə yanaşı, Cənub-Qərb və Vikinq layihələrinin işləməsi üçün səylər göstərilir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) məqsədi Çin, Mərkəzi Asiya, Xəzər və Qara dənizləri hövzələri və Avropa ölkələrindən yük daşımaları dövriyyəsini Azərbaycan üzərindən keçməklə hər iki istiqamətdə artıraraq, dövriyyə dinamikasının rəqabətliyini gücləndirməkdir. TBNM dəhlizinin iqtisadi əsaslandırılması və potensialın müəyyən edilməsi üçün Avropa İttifaqı və Çin arasındakı 106 milyon tondan artıq və dəyəri 520 milyard avrodan çox ticarət dövriyyəsini qeyd etmək lazımdır. TBNM vasitəsilə yükdaşımaları 12 gün ərzində həyata keçirilir və multimodal daşımanı bu marşrut üzrə əlverişli edir. Artıq TBNM vasitəsi ilə 3 yük qatarı Çindən Avropa istiqamətində nəql edilib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdırılandan sonra, minimum gündə 1 qatarın bu marşrutla nəql edilməsi planlaşdırılır. Şərq-Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılması istigamətində vacib addımlar atılır. Hazırda, məhz Azərbaycanın təşəbbüsü ilə Türkiyə və Gürcüstanın da iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bu yol istismara verildikdən sonra Azərbaycan ilk dəfə Avropaya dəmir yolu şəbəkəsinə çıxış əldə edəcək. Paralel olaraq Azərbaycanın özündə zəruri infrastruktur segmentləri yaradılmaqdadır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin bərə terminalının fəaliyyətə başlaması dəmir yol vasitəsilə yükdaşımaların əhəmiyyətini artıracaq. Eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadı zona da yaradılacaq, bununla əlaqədar, artıq bir çox xarici şirkətlərlə müqavilələr bağlanıb. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intellektə sahib nəqliyyat vasitələrinin istifadəsi tətbiq olunacaq. Hazırda Bakının Ələt qəsəbəsi yaxınlığında özündə nəqliyyat və logistika sənayesi, əczaçılıq klasteri, ümumi istifadə üçün neft təchizatı bazası obyektləri, o cümlədən emaletmə, qablaşdırma və etiketləmə ərazilərini birləşdirən Azad Ticarət Zonası da daxil olmaqla müasir liman kompleksi inşa edilir. Bu yeni xidmətlərinin tətbiqi, Azərbaycanda gələcəkdə gəlirlərin artmasını təmin edən amillərdəndir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi tranzit dəhlizləri arasında mühüm əhəmiyyət kəsb edən dəhlizlərdən biridir. Bu layihə Hindistan, Hind okeanı sahilində yerləşən dövlətləri, İran, Azərbaycan, Rusiya və Skandinaviya dövlətlərini vahid nəqliyyat marşrutunda birləşdirir. Rusiya ilə Hindistan arasında illik ticarət dövriyyəsi 8,3 milyon ton (8 milyard avro), Rusiya və İran arasında - 4 milyon ton (1,3 milyard avro), Rusiya və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) arasında – 5,5 milyon ton (2,7 milyard avro) təşkil edir, Finlandiyanın isə Hindistan ilə illik ticarət dövriyyəsi 341 min ton (651 milyon avro), İran ilə - 10 min ton (41 milyon avro), Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə - 1 milyon ton (1,6 milyard avro) təşkil edir və bu dövriyyələrin əsas hissəsi Hind Okeanından Süveyş kanalı, Aralıq dənizi və Baltik dənizi vasitəsilə daşınmaqdadır. Şimal-Cənub Tranzit Dəhlizi digər marşrutlarla müqayisədə (xüsusilə, Süveyş kanalından keçən dəniz yolu) əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Hazırda, Azərbaycanla İran arasında yüklər avtomobillər vasitəsilə daşınır, dəhlizin digər hissələrində isə dəmir yolu ilə. Azərbaycan və İran dəmir yolları birləşdirildikdən sonra yükdaşımaların xərcləri daha da aşağı düşəcək və bu amil tranzit yüklərinin çoxalmasına xidmət edəcək.

Azərbaycanın tranzit potensialını artıracaq və digər nəqliyyat layihələri arasında mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də, Cənub–Qərb nəqliyyat dəhlizi hesab olunur. Dəhliz İran Körfəzi / Hindistan – İran – Azərbaycan – Gürcüstan – Qara dəniz – Avropa marşrutu üzrə fəaliyyət göstərəcək. Qeyd olunan nəqliyyat dəhlizinin inkişaf perspektivi Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsini ildən – ilə genişləndirən Hindistan dövlətidir. Avropa İttifaqı ilə Hindistan arasında cari ticarət dövriyyəsi illik 25,5 milyon ton təşkil edir və bu dövriyyənin 94 faizi Hind okeanından Süveyş kanalı və Aralıq dənizi vasitəsi ilə Avropa İttifaqına daşınmaqdadır. Bundan əlavə, 2014 – cü ilin statistik məlumatlarına görə Avropa İttifaqı ölkələrinin İran və Körfəz Ölkələri Əməkdaşlıq Şurası ölkələri ilə ticarət dövriyyəsi 207,1 milyard ABŞ dolları təşkil etmişdir. Cənub–Qərb Tranzit Dəhlizinin daşıma müddəti baxımından 50 faiz qısa və tranzit qiyməti baxımından isə rəqabətə davamlıdır.

Birləşmiş nəqliyyat qatarı “Vikinq” Layihəsinin marşrutu Litva, Belarus və Ukrayna ərazisindən keçərək Baltik regionun dəniz xətlərini Qara dəniz və Xəzər dənizinin analoji xətləri ilə birləşdirir. Layihənin əsas məqsədlərindən biri TRASEKA dəhlizi vasitəsilə Şimali Avropadan Mərkəzi Asiya, Çin, Əfqanıstan, Pakistan, Hindistan və İran körfəzi ölkələri istiqamətində əlavə yüklərin dəmir yolu ilə daşınmasına cəlb etməkdir.

“ADY Express” şirkətindən AZƏRTAC-a bildirilib ki, nəzərə alsaq ki, 2016-cı ilin 7 ayı ərzində, təkcə dəmir yolu vasitəsi ilə, 9 milyon tona yaxın yük daşınıb, ilin sonuna qədər bu rəqəm 16 milyon tona çatacaq. 2014-sü ildə isə Azərbaycanda dəmir yolu vasitəsi ilə 21 milyon tona yaxın yük nəql edilib. Reallaşdırılan nəqliyyat dəhlizləri, tikintisi başa çatan nəqliyyat qovşaqları, yaradılan hablar tam fəaliyyətə başladıqdan sonra isə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi ildə 50 milyon tona çata bilər. Burada həm Azərbaycan dəmir yolları, həm Azərbaycan Dəniz Gəmiçiliyinin, həm Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və tranzit yükdaşımalarda xidmət göstərən digər dövlət qurumlarının ümumi gəlirlərini hesablayanda (hər nəql olunan 1 ton yükə ümumən təxminən 50 ABŞ dolları), Azərbaycan dövlətinin görəcək faydasını (hər il təxminən 2,5 milyard ABŞ dolları) görmək çətin deyil.

Azərbaycanın apardığı regional ticarət siyasətinin xüsusiyyəti ondan ibarətdir ki, bu 4 marşrutların konkret coğrafi və yükdaşıma çərçivəsi olsa da, gələcəkdə onlar arasında bəzi sinerjilər yaradıla bilər. Onların hərəsi digərini tamamlayaraq, bu ticarət siyasətinin təməlində duran yükdaşımalarının şaxələndirilməsini təmin edə bilər. Azərbaycan ərazisindən keçən bu 4 tranzit dəhlizlərin təkmilləşdirilməsi dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yük daşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaq. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.