REGİONLAR
Nəqliyyat naziri Balakəndə vətəndaşların müraciət və təkliflərini dinləyib VİDEO
Balakən, 29 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, iyulun 29-da nəqliyyat naziri Ziya Məmmədov Balakən şəhərindəki Mədəniyyət Mərkəzində Zaqatala, Qax və Balakən rayonlarında yaşayan vətəndaşları qəbul edərək, onların nəqliyyat məsələləri ilə bağlı müraciətlərini dinləyib.
Qəbuldan əvvəl nazir Ziya Məmmədov və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən, Zaqatala-Mosul avtobus marşrut xəttinin Manquşan oba istiqamətinədək uzadılması, Qax-Ləkit müntəzəm marşrut xəttinin açılmasına kömək göstərilməsi, Qax şəhərindəki marşrut xətlərində işləyən köhnə avtobusların yeniləri ilə əvəz edilməsi, Balakən avtovağzalının pasportlaşdırılmasına kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlərin araşdırılaraq həll olunması üçün nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan, o cümlədən şəxsi xarakter daşıyan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.