CƏMİYYƏT
Nəqliyyat naziri İsmayıllıda vətəndaşları qəbul etmişdir VİDEO
İsmayıllı, 17 mart (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, vətəndaşların rahatlığı, müraciətlərinin operativ həlli məqsədi daşıyan növbəti belə bir qəbul İsmayıllıda nəqliyyat naziri Ziya Məmmədov tərəfindən keçirilmişdir. Nazirliyin müvafiq struktur rəhbərlərinin də qatıldığı qəbulda İsmayıllı ilə yanaşı, Şamaxı, Qobustan və Ağsu rayonlarından olan vətəndaşlar da iştirak etmişlər.
Müraciətlər əsasən regionlarda nəqliyyatla bağlı problemlərinin araşdırılması və həll edilməsi, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin təmiri və tikintisi, işə qəbul və digər məsələlərlə əlaqədar olmuşdur.
Nazir tərəfindən fərdi qaydada qəbul edilən bir çox vətəndaşın müraciəti yerindəcə həllini tapmış, qaldırılan bəzi məsələlər isə araşdırılaraq həll olunması üçün nəzarətə götürülmüşdür. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Qəbula gələn vətəndaşlar yaradılmış şərait, onlara göstərilən diqqət üçün razılıq etmiş, yerlərdə bu cür qəbulların təşkilinin təşəbbüsçüsü Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.