İQTİSADİYYAT
Nəqliyyat naziri Ucar şəhərində vətəndaşları qəbul etdi VİDEO
Ucar, 25 iyul (AZƏRTAC, Adil Ağayev). Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay üçün tərtib olunan qrafik əsasında bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə bir qəbul iyulun 25-də Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində nəqliyyat naziri Ziya Məmmədov tərəfindən keçirildi.
Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda Ucar, Göyçay, Ağdaş və Zərdab rayonlarından olan 30-dan çox vətəndaşın müraciəti dinlənildi.
Hər bir vətəndaşın nazir tərəfindən fərdi qaydada qəbul olunduğu görüşdə müraciətlər əsasən bölgələrdə nəqliyyatla bağlı çətinliklər, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, kəndarası yolların, körpülərin təmiri, tikintisi, işə qəbul edilmə və s. məsələlərlə bağlı idi.
Müraciətlərin əksəriyyəti elə yerindəcə həllini tapdı. Araşdırılması zəruri olan bəzi məsələlər isə nəzarətə götürülərək həlli üçün nazirliyin aidiyyəti qurumlarına konkret tapşırıqlar verildi.
Nazirliyin səlahiyyətinə aid olmayan bir sıra müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alındı.
Vətəndaşlar yaradılan şəraitdən, göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək yerlərdə bu cür qəbulların təşkilinin təşəbbüskarı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.