REGİONLAR
Nəqliyyat naziri Yevlaxda vətəndaşları qəbul edib VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
Nəqliyyat naziri Ziya Məmmədov dekabrın 30-da Yevlaxda vətəndaşları qəbul edib.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı Ağdam, Bərdə və Yevlax rayonlarından olan vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilib.
Müraciətlər əsasən, Ağdam avtovağzalının yaxınlığında qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi, Yevlax rayonunun Hacıselli-Havarlı-Varvara-Marzılı kəndlərinə əvvəllər işləmiş marşrut xəttinin bərpası və digər məsələlərlə bağlı olub. Həmçinin, Bərdə və Yevlax şəhərdaxili marşrut avtobuslarının yenilənməsinə köməklik göstərilməsi xahiş olunub. Vətəndaşlar Ağdam rayonu ərazisində kiçik tutumlu avtobuslarla sərnişindaşıma fəaliyyətinin yüksək səviyyədə təşkili, Bərdə və Yevlax rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə əlaqədar minnətdarlıqlarını ifadə ediblər.
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.