İQTİSADİYYAT
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ümumi izləmə monitorunda aparılan yenilənmə işlərini başa çatdırıb
Bakı, 6 may, Gülnar Bəşirova, AZƏRTAC
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) I Avropa Oyunları zamanı Oyunlar keçiriləcək ərazilərdə nəqliyyat axınının izlənilməsini və nəqliyyat məlumatlarının ötürülməsinin daha operativ təşkili üçün ümumi izləmə monitorunda (BARCO) aparılan yenilənmə işlərini başa çatdırıb.
NİİM-dən AZƏRTAC-a bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan monitor müasir texnologiyaya cavab verən LED işıqlarla təchiz olunub. Bu isə daha dəqiq və mükəmməl görüntü, enerjiyə qənaət və monitorun daha effektiv çalışması deməkdir.
NİİM həmçinin, yeni tipli Məlumat İnformasiya Tabloları da quraşdırıb. Hazırda yeni quraşdırılan tablolar test rejimindədir və yaxın müddətdə tam istifadəyə veriləcək. 48 ədəd Məlumat İnformasiya Tablosundan (VMS) əlavə, paytaxtın 8 nöqtəsində yeni tipli Məlumat İnformasiya Tablosu da quraşdırılıb. Belə ki, Ziya Bünyadov prospektində 8, Bakı Dairəvi Yolunda 4, Abdulvahab Salamzadə küçəsində 2 ədəd yeni tipli və ikitərəfli Məlumat İnformasiya Tablosu quraşdırılıb ki, bu tablolar əvvəlkilərdən fərqli olaraq, məlumatları yolun hər iki istiqamətində göstərməklə yanaşı, istənilən növ nəqliyyat məlumatını daha dəqiq görüntülərlə əks etdirir. Yeni tipli Məlumat İnformasiya Tabloları daha yığcam formada hazırlanıb və eyni vaxtda təqvimi, saatı, küləyin sürətini, havanın temperaturunu, yoldakı sürət həddini və sxemlər vasitəsilə nəqliyyatın hərəkətinin intensivliyini göstərir. Eyni zamanda, NİİM Lökbatan dairəsi yaxınlığında şəhərə giriş istiqamətində daha bir Məlumat İnformasiya Tablosu (VMS) quraşdırıb. Artıq bu istiqamətdən paytaxta gələn sürücülər bu tablo vasitəsilə şəhərə daxil olmamış yoldakı vəziyyətdən xəbərdar olacaqlar.
Qeyd edək ki, NİİM I Avropa Oyunlarının nəqliyyat məsələləri üzrə qərargahı seçilib və Oyunlar zamanı bütün nəqliyyat əməliyyatları NİİM-dən idarə olunacaq. Oyunlar zamanı nəqliyyat məsələləri ilə bağlı aidiyyəti üzrə bütün qurumların səlahiyyətli nümayəndələri qərargahda olacaq və qərargah 24 saat fəaliyyət göstərəcək.