CƏMİYYƏT
“Nərəkənd” parkı sakinlərin sevimli istirahət məkanına çevrilib
Bakı, 4 avqust, AZƏRTAC
Pirallahı paytaxtın ən gənc rayonu olsa da, aparılan tikinti-abadlıq və quruculuq işləri onun sosial simasını gündən-günə gözəlləşdirir.
AZƏRTAC xəbər verir ki, rayonda dörd istirahət parkı inşa edilib və yeni yaradılan parklar forma və məzmunu, kompozisiya və yaşıllıqları ilə seçilir. Parklar gözəlliyi və məzmun zənginliyi ilə sakinlərin və qonaqların sevimli məkanıdır.
Prezident İlham Əliyev rayona səfəri zamanı “Nərəkənd” kompleksində açılışını etdiyi park da qısa müddətdə rayon sakinlərinin sevimli istirahət guşələrindən birinə çevrilib. Park müasir tələblərə uyğun tikilib və istirahət üçün bütün şərait yaradılıb. Ərazisi 1,5 ha olan parkda inşa edilən və nərə balığı formasında olan fəvvarə estetik gözəlliyi ilə zövq oxşayır. Burada oyun və idman meydançaları, uşaq guşəsi, sinema-kafe və digər istirahət obyektləri fəaliyyət göstərir. Sakinlərin və qonaqların səmərəli istirahəti üçün vaxtaşırı konsert proqramları təşkil edilir.
Kompleksdə balıq və balıq məhsullarının satışının təşkil olunması məqsədilə ərazidə zəruri normativlərə cavab verən ticarət məntəqəsi-Balıq Bazarı yaradılıb. Ticarət məntəqəsi dörd pavilyondan ibarətdir. Pavilyonlarda balığın satışı və saxlanılması üçün lazımi şərait yaradılıb və müvafiq avadanlıqlar quraşdırılıb. Kompleksdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Dənizçi” İdman Klubunun yaradılması nəzərdə tutulub.
“Nərəkənd” layihəsində, həmçinin yaşayış kompleksi, o cümlədən mehmanxana və kotteclərin tikintisi də öz əksini tapıb.