İQTİSADİYYAT
“Nəriman Nərimanov” tankeri əsaslı təmir olunur
Bakı, 11 avqust, Elvin Camalov, AZƏRTAC
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Nəqliyyat Donanmasına məxsus “Nəriman Nərimanov” tankeri “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirdədir.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib. Gəmidə olan bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər, boru sistemləri, eləcə də nasoslar, separatorlar, soyuducular, kompressorlar sökülərək əsaslı təmir olunur.
Üzən vasitənin elektrik avadanlıqları və idarəetmə sistemləri yoxlanılıb və hazırda təmir işləri davam etdirilir. Tankerin gövdə hissəsində, yük anbarlarında və ballast çənlərində metalların keyfiyyətini müəyyənləşdirmək üçün qüsur baxışı keçirilib və gövdə-qaynaq işlərinin təxminən 80 faizi yerinə yetirilib. Sualtı hissəsinə, sükan və köməkçi qurğularına, kinqston qutularına, lövbər zəncirlərinə ətraflı baxış keçirilməsi məqsədilə tanker 6 min ton yük qaldırma qabiliyyəti olan tərsanəyə qaldırılıb.
Tərsanədə təmir işləri başa çatdırıldıqdan sonra gəminin sualtı və suüstü hissələri rənglənəcək. Tərsanədə görüləsi işlər 15 gün ərzində başa çatdırılacaq və sonradan təmir işləri zavodda davam etdiriləcək.
Uzunluğu 125,06 metr, eni 16,63 metr olan tankerin maksimal sürəti 11,3 uzeldir. Maye yüklərin daşınmasında istifadə edilən gəminin təmirdən çıxması sentyabr ayının axırlarına planlaşdırılır.