İQTİSADİYYAT
Nərimanov rayonunda 4 küçədə təmir-bərpa işləri görülüb VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Nərimanov rayonunda 4 küçədə təmir-bərpa işləri həyata keçirilib.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri Arif Heydərov, Vladimir Mayakovski, Əlicabbar Orucəliyev və Çernyavski küçələrində aparılıb. Aparılan təmir işləri zamanı küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilib və asfaltlanıb.
Bundan başqa, zəruri olan yerlərdə yeraltı kommunikasiya xətləri yenilənib, küçələr boyu piyada səkiləri bərpa olunub və yeniləri tikilib. Yeni səki daşları düzülüb və yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.
Təmir olunan A.Heydərov küçəsinin uzunluğu 1146 metr, eni isə 11,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 14 min 500 kvadratmetr, səkilərdə isə 5 min 200 kvadratmetr ərazinin asfaltlanması, 3 min 300 paqonmetr yeni səki daşının düzülməsi, 42 ədəd kanalizasiya qapaqlarının dəyişdirilməsi və 53 ədəd kanalizasiya quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri aparılıb.
V.Mayakovski küçəsinin uzunluğu 746 metr, eni isə 12,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 9 min 630 kvadratmetr, səkilərdə isə 4 min 50 kvadratmetr ərazi asfaltlanıb, 3 min 200 paqonmetr yeni səki daşının düzülüb və 25 ədəd kanalizasiya qapağı dəyişdirilib.
Təmir işlərinin aparıldığı daha bir küçə Ə.Orucəliyev küçəsidir. Bu küçənin uzunluğu 325 metr, eni isə ortalama 11,2 metrdir. Burda təmir işləri zamanı ümumilikdə 4 min 700 kvadratmetr ərazi asfaltlanıb, 760 paqonmetr yeni səki daşı düzülüb və 16 ədəd kanalizasiya qapağı dəyişdirilib.
Çernyavski küçəsinin uzunluğu 950 metr, ortalama eni isə 14,2 metrdir. Burada həm yolun hərəkət hissəsində, həm də səkilərdə 15 min 700 kvadratmetr ərazidə asfaltlanması işləri aparılıb, küçə boyu 1760 paqonmetr səki daşı yenilənib. Həmçinin 5 ədəd yağış barmaqlığı və 42 ədəd kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenisi ilə dəyişdirilib.
Avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları çəkilib, yolun üfiqi nişanlaması aparılıb.