CƏMİYYƏT


Nərimanov rayonunda aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin xatirəsi anılıb

A+ A

Bakı, 17 fevral, AZƏRTAC 

Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin anadan olmasının 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirib ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Milli Ordumuz regionun ən güclü və qüdrətli ordusuna çevrilib. İndi bu ordu torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır və bununla bağlı Ali Baş Komandanımızın əmrini gözləyir. Belə bir orduda xidmət keçmək gənclərimizdə ruh yüksəkliyini artırır, sabaha inamı gücləndirir.

Sonra çıxış edən Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov qeyd edib ki, aprel döyüşlərində zabit və əsgərlərimiz böyük hünər və igidlik göstərdilər. Ümummilli lider Heydər Əliyev demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.

Daha sonra çıxış edən şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev tədbir təşkilatçılarına təşəkkürünü bildirib.

Qeyd olunub ki, Mahir Mirzəyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Sonra şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş “Vətən sağ olsun!” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilmiş şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol və şahmat üzrə rayon turnirlərinin qaliblərinin mükafatlandırma mərasimi olub.

Tədbirin sonunda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifasında xor səsləndirilib, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mahnıları ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.