CƏMİYYƏT
Nərimanov rayonunda həqiqi hərbi xidməti başa vuran gənclərlə görüş keçirilib
Bakı, 16 yanvar, AZƏRTAC
Nərimanov Rayon İcra Hakimiyyətində həqiqi hərbi xidməti başa vuran gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Nərimanov Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov görüşdə çıxış edərək ordu sıralarından tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vurmaları münasibətilə təbrik edib, gənc çağırışçılara isə uğurlar arzulayıb. O, gənclərin şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Silahlı Qüvvələrimizin hərbi qüdrətindən söz açıb. Ş.İbadov aprel döyüşləri zamanı mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində düşmənin xeyli sayda canlı qüvvə və hərbi texnikasının məhv edildiyini bildirib.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin rəisi Qəşəm Mahmudov, aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev və digərləri ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıblar.
Sonra ordu sıralarından tərxis olunmuş və hərbi xidmət zamanı fərqlənən gənclərə hədiyyələr təqdim edilib.