İDMAN


Nərimanov rayonunda yeni inşa olunmuş mini futbol stadionu açılıb

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Paytaxtın Nərimanov rayonunda 178 nömrəli tam orta məktəbin həyətində yeni inşa olunmuş mini futbol stadionu açılıb.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində nazir müavini İsmayıl İsmayılov, Milli Məclisin deputatı Adil Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 178 nömrəli tam orta məktəbin direktoru Yusif Məmmədov, stadionun inşasına dəstək göstərmiş Azərbaycanın xalq artisti Ağadadaş Ağayev, veteran və gənc idmançılar, həvəskar futbolçular, bir sıra incəsənət xadimləri və rayonun fəal gəncləri iştirak ediblər.

Tədbiri açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan müstəqillik əldə etdikdən və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, idman sahəsində də sürətli inkişafın baş verdiyini, gənclərimizin vətənpərvərlik ruhunda və sağlam böyüməsi üçün hər bir şəraitin yaradıldığını vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti nəticəsində idmanın maddi-texniki bazası getdikcə gücləndirilir, müasir standartlara cavab verən Olimpiya idman kompleksləri, stadionlar və digər idman qurğuları inşa edilir. İdmançılarımız qitə, dünya çempionatlarında, Olimpiya Oyunlarında çox böyük nəticələr əldə edir və uğurlarını ildən-ilə artırırlar. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bakı şəhəri Avropa və dünya səviyyəli mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. İ.İsmayılov qeyd edib ki, Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər. Nazir müavini bildirib ki, bu səylər nəticəsiz qalmayacaq, futbolçularımız beynəlxalq yarışlarda bizi sevindirəcək.

Sonra Milli Məclisin deputatı Adil Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Azərbaycanın Xalq Artisti Ağadadaş Ağayev çıxış edərək vurğulayıblar ki, futbolun inkişafı hər bir ölkə üçün vacibdir. Futbol ən sevimli idman növüdür. Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır, istifadəyə verilən yeni stadion Azərbaycanda mini futbolun inkişafına təkan verəcəkdir.

Qeyd edək ki, istifadəyə verilən stadion Nərimanov rayonunda artıq sayca 18-ci mini futbol stadionudur. Bu da öz növbəsində rayonda futbolun maddi-texniki bazasının inkişafına, təkmilləşdirilməsinə imkan yaradacaq.

Sonda veteran idmançılar və incəsənət xadimləri arasında dostluq turniri keçirilib. Turnirin hər bir iştirakçısı Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.