DÜNYA
“Nesat” qasırğası Şərqi Çin sahillərinə çatıb
Bakı, 31 iyul, AZƏRTAC
“Nesat” qasırğası Şərqi Çin sahillərinə çatıb. Hakimiyyət orqanları min nəfəri qabaqcadan təxliyə ediblər. Regionda güclü leysan və şiddətli külək tüğyan edir.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çinin Futsyan əyalətinin Futsin qəzasının sahillərinin məruz qaldığı “Nesat” bu il artıq doqquzuncu qasırğadır. Qasırğanın episentrində küləyin maksimum gücü 12 bala çatıb.
Əlverişsiz hava şəraiti yerli körpülər və yollar üçün xüsusilə təhlükəlidir. Külli miqdarda su ciddi ziyan vura bilər. ÇXR ərazisinə doğru irəliləyən daha bir siklon vəziyyəti daha da ağırlaşdırır. Həmin qasırğanın bir o qədər də güclü olmayacağı ehtimal edilsə də, hər halda o, özü ilə bərabər əlavə yağıntı gətirəcək. Bu da artıq neçə həftədir su içində olan bəzi əyalətlərə pis təsir göstərəcək.
Qeyd edək ki, iyulun 30-da Tayvan da “Nesat” qasırğasına məruz qalıb. Tayvanın hakimiyyət orqanları sahilyanı zonalarda əhalinin kütləvi təxliyəsini elan ediblər. Əməliyyata hərbçilər cəlb olunub. Aviareyslər ləğv edilib, dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb. Bəzi dövlət müəssisələri bağlıdır.