CƏMİYYƏT


Nəsimi rayon Məşğulluq Mərkəzi orta məktəblərin yuxarı sinif şagirdləri üçün peşəyönümü məşğələləri keçirir

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Nəsimi rayon Məşğulluq Mərkəzi gənclərin peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsi məqsədilə rayonun 9 saylı, 14 saylı, 42 saylı, 44 saylı və 159 saylı orta məktəblərində yuxarı sinif şagirdləri üçün peşəyönümü məşğələləri keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, buraxılış siniflərinin şagirdlərindən ibarət 130 nəfərədək gəncin iştirak etdiyi tədbirlərdə Mərkəzin mütəxəssisləri iştirakçılara əmək bazarındakı vəziyyət haqqında ətraflı məlumat veriblər. Əmək bazarında peşə və ixtisaslara olan tələbat, perspektivli peşələrin təsnifatı, habelə aktiv məşğulluq tədbirləri, o cümlədən peşə hazırlığı və əlavə təhsil kursları barədə məlumatlar gənclərin diqqətinə çatdırılıb. Vurğulanıb ki, hər bir gəncin gələcək məşğulluğu və uğurlu əmək fəaliyyəti onun bu gün əmək bazarının tələbinə uyğun düzgün peşə və ixtisas seçimindən asılıdır. Ona görə də gənclərin peşə və ixtisas seçimi zamanı əmək bazarındakı vəziyyət, peşə və ixtisaslara olan tələbat nəzərə alınmalıdır.

Məşğələlər zamanı şagirdlərə peşəyönümü məsləhət və tövsiyələri verilib, onların sualları cavablandırılıb. İştirakçılara məşğulluq xidmətləri barədə məlumatların əks olunduğu əyani vəsaitlər də təqdim edilib. Məşğələlər şagirdlər tərəfindən maraqla qarşılanıb.

Bu tədbirlər qrafikə uyğun olaraq rayonun digər orta məktəblərində də davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.