SİYASƏT


Nəsimi rayon ictimaiyyəti tərəfindən ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub

Bakı, 8 dekabr, Ceyhun Alışlı, AZƏRTAC

Dekabrın 8-də Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların, ali və orta təhsil müəssisələrinin kollektivləri, ictimaiyyətin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar Ümummilli Liderin siyasi fəaliyyətini əks etdirən vedoçarxa baxıblar.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən danışıb.

Vurğulanıb ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun hər səhifəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

XX əsr Azərbaycan tarixinin ən parlaq siması Heydər Əliyevin siyasi obrazını təhlil edən natiq deyib ki, o, xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, bir sözlə müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Onun düşünülmüş siyasi təcrübələri nəticəsində cəmiyyətimizdə hökm sürən xaos və anarxiya, iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliklər aradan qaldırıldı. Ulu Öndərin vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması, ölkənin parçalanma təhlükəsinin aradan qaldırılması yönündə gördüyü işlərə toxunan icra başçısı bildirib ki, Heydər Əliyevin müstəqilliyimizin gerçək mənada möhkəmləndirilməsi yolundakı xidmətləri danılmazdır.

Qeyd olunub ki, Heydər Əliyev siyasi kursu daim inkişafda olan bir təlim olaraq yaşayır və müstəqilliyimizin daha da möhkəmlənməsinə təkan verir. Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqli şəkildə davam etdirərək praqmatik daxili və xarici siyasəti ilə ölkəmizi uğurlu gələcəyə aparır. Bu gün xalqla dövlət arasında çox sıx bağların olduğuna diqqət çəkən natiq söyləyib ki, Heydər Əliyev ideyaları və siyasi kursu Azərbaycan durduqca yaşayacaq.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Konsertdə AzTV-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə respublikanın tanınmış musiqiçilərinin ifasında bir sıra xalq və bəstəkar mahnıları dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.