CƏMİYYƏT
Nəsimi rayonunda “Bayrağımız qürur mənbəyimizdir” adlı yürüş keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilib. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, noyabrın 4-də Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, Böyük Vətən Müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, tələbələrin, idmançıların və digər təşkilatların təmsilçilərinin iştirakı ilə “Bayrağımız qürur mənbəyimizdir” adlı yürüş keçirilib.
Tədbir Azərbaycan Velosiped İdmanı Federasiyasının velosipedçilərinin yürüşü ilə başlanıb. Əllərində Azərbaycan bayraqlarını tutmuş insan izdihamı Dövlət Bayrağı Meydanına doğru irəliləyərək, bayrağımıza olan ehtiram və sevgilərini bildiriblər. Yürüşdə 5 minə yaxın rayon sakini iştirak edib.
Yürüş Dövlət Bayrağı Meydanında Azərbaycanın dövlət himninin ifası ilə başlanıb.
Tədbir çərçivəsində fləşmoblar keçirilib, Azərbaycan bayrağı ilə bəzədilmiş minlərlə şar havaya buraxılıb.