CƏMİYYƏT
Nəsimi rayonunda Beynəlxalq Ailə Günü qeyd edilib
Bakı, 15 may, AZƏRTAC
Nəsimi rayonunda Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Nəsimi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bayram tədbirində rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, ölkəmizdə ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə davam etdirilir. Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. G.Verdiyeva qeyd edib ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva valideyn himayəsindən məhrum olmuş gənclərin toy mərasimlərini təşkil edir, bu şənliklərə qatılır, gənclərə xeyir-dua verir, bununla da onların sabaha inamını gücləndirir. Xanım Mehriban Əliyevanın kimsəsiz uşaqlarla bağlı unudulmaz tədbirlərindən biri də onun təşəbbüs və dəstəyi ilə uşaq evlərində tərbiyə alan, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binalarının tikilməsidir. Bununla da ictimai narahatlığa səbəb olan ciddi bir problem həllini tapır. Bütün bunlar sübut edir ki, ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının qərarı ilə mayın 15-i bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.