ELM VƏ TƏHSİL
Nəsimi rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Bakı, 4 oktyabr, AZƏRTAC
Nəsimi rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, təhsil işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O, Prezident İlham Əliyevin səyləri nəticəsində son illər ölkəmizdə tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, təhsilimizin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü işlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, bu peşə sahibləri haqqında xoş sözlər söyləyib, müəllimlərini minnətdarlıqla xatırlayıb, onların xidmətləri haqqında ürəkdolusu danışıb. Ölkəmizin müstəqillik qazandığı ilk dövrdən başlayaraq “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər təhsil islahatına başlayıb və bu sahədə birinci Dövlət Proqramı qəbul olunub. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı da göz qabağındadır. Hər il bir sıra təhsil işçilərinə Prezident təqaüdünün, “Əməkdar Müəllim” fəxri adının və digər dövlət mükafatlarının verilməsi buna əyani sübutdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyləri nəticəsində nəinki respublikamızda, eləcə də onun hüdudlarından kənarda yeni məktəblərin tikintisi və köhnələrinin təmiri işləri aparılır.
Tədbirdə çıxış edən müəllimlər təhsilə, elmə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.