İQTİSADİYYAT
Nəsimi rayonunda cari ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Nəsimi rayonunda cari ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilib.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, hesabat dövründə ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 372.575 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.
Qeyd edilib ki, cari ilin yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 617.662 min manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17.8 faiz çox istehlak məhsulları satılıb. Əmtəə dövriyyəsinin 99.8 faizi özəl sektorun müəssisələrinin payına düşüb. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 7.7 faiz artaraq 555.1 manata çatıb.
İclasda qeyd edilib ki, Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda yeni skamyalar, söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. Vurğulanıb ki, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 5 min 500 kvadratmetr ərazisi olan park əsaslı təmir edilib.
Hesabat dövründə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq yerlərdə 9 ay ərzində səyyar qəbullar keçirilib.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Şura iclasında 70 illik yubileyi münasibətilə Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevə, həmçinin Azərbaycan Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı almış və “Tərəqqi” medalı ilə təltif olunmuş Nəsimi rayon məktəblərinin müəllimlərinə hədiyyələr təqdim edilib. Nəsimi RİH-in məsul əməkdaşı Nəcməddin Yunusova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.