CƏMİYYƏT


Nəsimi rayonunda daha bir “Abad həyət” istifadəyə verilib

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC 

Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.

Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində birinci mikrorayon, Moskva prospekti 52-58-62-70-74-82-86, Cavadxan küçəsi 1 ünvanlarında, ikinci mikrorayon Cavadxan küçəsi 58-60 ünvanlarında, dördüncü mikrorayon H.Seyidzadə küçəsi 16a-18a-20a ünvanlarındakı binalarda əsaslı təmir işləri aparılır, binalarda eyvanlar təmir edilir, qapı və pəncərələr yenilənir. Təmir edilən binaların fasadları yüksək keyfiyyətli boya ilə rənglənir.

Əhalinin ümumi istifadəsində olan, binaların həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək təmizlik işləri aparılıb, mövcud ağaclar budanıb, səliqə-sahman yaradılıb.

Sentyabrın 22-də 4-cü mikrorayon H.Seyidzadə 16a ünvanında “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilib. Bu ünvanda altı bloklu beşmərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilib, binanın blok girişləri, qapıları və pəncərələri yenilənib. Girişlərin qarşısına tamet döşənib. Həyət və məhəllədaxili yollara asfalt örtüyü çəkilib, yolların kənarlarına bardürlər düzülüb. Binanın qarşısına qazon döşənib, güllər əkilib. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma xətti çəkilib. Eyni zamanda, həyətdə işıqlandırma işləri də həll olunub, yeni işıq dirəkləri quraşdırılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılıb. Bu ünvandakı uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi və idmanla məşğul olmaları üçün “Abad həyət”də mini futbol meydançası da salınıb. Həmçinin azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqları quraşdırılıb.

H.Seyidzadə 16a ünvanının sakinləri binalarının həyətlərində yaradılan abadlığa görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Görüşdə qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla aparılır, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət göstərir.

Hazırda Nəsimi rayonunun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.