CƏMİYYƏT


Nəsimi rayonunda ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş toplantısında ətraflı müzakirə olunub, ilin ikinci yarısında qarşıda duran mühüm vəzifələr müəyyənləşdirilib.

İclasda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin iclasında dövlət başçısının çıxışı, icra orqanlarının qarşısında qoyduğu yeni vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, ilin əvvəlindən Nəsimi rayonunun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər informasiya və rabitə, tikinti, ticarət və xidmət sahələri üzrə daha dinamik olub.

Hesabat dövründə rayon üzrə 247000 min manatlıq sənaye məhsulu istehsal edilib, nəqliyyat müəssisələri 51200 min manatlıq, rabitə müəssisələri isə 29000 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox xidmət göstərib. Rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 405980 min manatlıq investisiya yönəldilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 12 faiz çoxdur. Pərakəndə ticarət şəbəkəsində əhaliyə 337620 min manat məbləğində və ya 0,4 faiz çox istehlak məhsulları satılıb. Rayonda son 6 ayda 1002 doğum və 562 ölüm, 536 nikah və 236 boşanma qeydə alınıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin son dövrdə yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti ilin birinci yarısında məqsədyönlü tədbirlər həyata keçirib. Ölkəmizin hər bir şəhər və rayonunda olduğu kimi, paytaxtın mərkəzi rayonlarından olan Nəsimidə də geniş abadlıq-quruculuq, tikinti-təmir işləri aparılıb, yaşıllıqlar salınıb, park və bağlar yenidən qurulub. Bir sıra binaların fasadları yenilənib, məhəllələr və həyətlər abadlaşdırılıb.

Rayonun altı aylıq hesabatı ətrafında çıxışlarda ayrı-ayrı sahələrdə qazanılmış uğurlar və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib. İclasda ilin ikinci yarısında həllini gözləyən önəmli məsələlər konkretləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.