CƏMİYYƏT
Nəsimi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edilib
Bakı, 27 iyul, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyəti yeniyetmə və gənclərin asudə vaxtlarının, istirahətlərinin səmərəli təşkilini daim diqqət mərkəzində saxlayır. Məktəblilərin yay tətilinin mənalı, maraqlı, yaddaqalan olması, istirahət müddətində bilik səviyyələrinin, dünyagörüşünün artırılması üçün silsilə tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Nəsimi Rayon İcra Hakimiyyəti 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud məktəblilər üçün əyləncəli istirahət axşamı təşkil edib. Tədbirdə uşaqlar üçün əyləncəli proqram təşkil olunub, onlara müxtəlif hədiyyələr təqdim edilib.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva uşaqlarla söhbət edərək Azərbaycan dövləti tərəfindən onların təhsili, sağlamlığı və istirahətləri üçün görülən işlərdən danışıb.
İstirahət məkanında yay mövsümünün xoş ovqatını duyan balacalar müxtəlif mahnılar, rəqslər ifa edib, öz məharətlərini göstəriblər.
Müəllimlər və valideynlər xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.