İQTİSADİYYAT


Nəsimi rayonunda yeni logistika mərkəzi - “Yaşıl market” istifadəyə verilib

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-da Bakının Nəsimi rayonunda, 3-cü mikrorayon ərazisində yeni logistika mərkəzi – “Yaşıl market” paytaxt sakinlərinin istifadəsinə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı sosial-iqtisadi inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edən Dövlət proqramları və layihələr həyata keçirilməkdədir. Əhalinin rifahının daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması qarşıda duran prioritet vəzifələrdəndir. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Nəsimi rayonunda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, proqrama uyğun olaraq inşa edilən və 1,6 hektar sahədə yerləşən bu böyük mərkəzin tikintisinə 2014-cü ildə başlanıb. “Yaşıl market”də 1500 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Burada min piştaxta, 28 müasir tipli mağaza, 5 soyuducu kamera, 200 avtomobil yerlik dayanacaq mövcuddur.

Mərkəzin açılışında iştirak edən Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və digər qonaqlar geniş ərazidə yerləşən açıq və qapalı satış məntəqələrini gəzib, pavilyonlarla tanış olub, alıcılarla söhbətlər ediblər.

Pavilyonlarda və piştaxtalarda respublikamızın bütün bölgələrində istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının satışı təşkil olunub. Mərkəzdə, həmçinin məhsulların topdan satışının təşkili üçün sərgi pavilyonu mövcuddur. Açılış mərasimi Novruz bayramına məxsus tərtibatla bəzədilib və əyləncəli bayram konserti təşkil olunub.

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov yarmarkanın fəaliyyətə başlamasının böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, məqsəd istehsalçıların bazara birbaşa çıxışının təmin olunmasından ibarətdir. Yarmarkada yerlər fermerlerə heç bir ödəniş olmadan verilir. Bu isə fermerlərə öz məhsullarını əhaliyə daha ucuz qiymətə çatdırmağa imkan verir. Vətəndaşlar isə keyfiyyətli məhsulları birbaşa istehsalçıdan almaq imkanı qazanırlar. Beynəlxalq təcrübədə geniş tətbiq olunan belə yarmarkalar fermerlər tərəfindən də müsbət qarşılanır.

H.Əsədov diqqətə çatdırıb ki, yarmarka İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayıb. Belə yarmarkalar səmərəli olacağı təqdirdə Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə onların genişləndirilməsi və digər ərazilərdə də açılması nəzərdə tutulur.

Bayram əhval-ruhiyyəsi ilə Mərkəzə gələnlər qiymətlərin münasib olmasından məmnunluqlarını ifadə edib, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilmiş belə mühüm tədbirlərə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.