ELM VƏ TƏHSİL
Nəsimi rayonunun orta təhsil müəssisələrində Bilik günü qeyd edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Nəsimi rayonunun orta təhsil müəssisələrində 15 sentyabr - Bilik günü qeyd olunub. Bu tədbirlərdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
A.Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandığı uğurlardan danışaraq bildirib ki, 2015-2016-cı tədris ilində rayonun orta məktəblərini 1669 nəfər bitirib, onlardan 1500 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 1125 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında gənclərin 177 nəfəri 500-dən, 77 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 227 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub. 2015-2016-cı təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 3 məzun isə Prezident təqaüdünə layiq görülüb.
A.Əsgərov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. O, Fondun dəstəyi ilə görülən işlər barədə məlumat verib. Son illərdə qazanılan bütün uğurlar təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilib.
Məktəblərdə tədbirlər bədii hissə ilə davam etdirilib.