ELM VƏ TƏHSİL
Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Bakı şəhərindəki 276 nömrəli tam orta məktəbdə keçirilən qəbulda vətəndaşlar məktəblərdə tədrisin daha səmərəli təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Müraciətlər BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinlənilib. Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.