ELM VƏ TƏHSİL
Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçiriləcək
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Paytaxtdakı 1 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.
Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.