ELM VƏ TƏHSİL
“Neuron Technologies” Bakı Ali Neft Məktəbində təlimə başladı
Bakı, 17 mart, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “Neuron Technologies” şirkəti tərəfindən reallaşdırılan tədris elektron məlumat və idarəetmə sisteminin təqdimatı keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə informasiya texnologiyalarının müasir dövrdə zərurətindən söz açan rektor Elmar Qasımov həmin texnologiyaların inkişaf etdikcə cəmiyyətə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. “Bu sistemin ali məktəbin fəaliyyətini və işlərini daha da sürətli və təsirli edəcəyinə əminəm. Məktəbimiz inkişaf edən texnologiyalara çevik şəkildə uyğunlaşaraq fəaliyyət göstərir və tədris prosesində bu texnologiyaları tətbiq etməyə çalışır”, - deyə E.Qasımov bildirib. Rektor qeyd edib ki, elektron məlumat və idarəetmə sisteminin tətbiqi BANM-də dünyanın mütərəqqi informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verəcək.
“Neuron Technologies” şirkətinin icraçı direktoru İsmayıl Ələkbərov isə rəhbəri olduğu şirkətin ölkənin ən nüfuzlu və güclü ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini söyləyib. Bildirib ki, layihə çərçivəsində BANM-də tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarəedilməsi, təqaüdün hesablanması, yataqxana elektron idarəetmə və digər sistemlərin tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, “Neuron Technologies” Azərbaycanda sürətlə inkişaf edən informasiya texnologiyaları şirkətlərindən biridir. Şirkət proqram təminatının işlənib hazırlanması, sistem inteqrasiyaların tətbiqi, informasiya-kommunikasiya texnologiyaları infrastrukturun qurulması üzrə ixtisaslaşıb və son illər ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə elektron idarəetmə sistemlərinin, milli proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib.