DÜNYA
Nevada ştatında güclü qar səbəbindən mindən çox ailə təxliyə olunub
Bakı, 9 yanvar, AZƏRTAC
ABŞ-ın Nevada ştatında daşqınlara səbəb olan güclü qar səbəbindən mindən çox ailə təxliyə olunub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Traki çayı məcrasından çıxaraq yaxınlıqda yerləşən əraziləri su altında qoyub. Daşqın nəticəsində xəsarət alanların olmadığı bildirilir. Nevada avtomobil yolunun bir çox hissələri bağlanıb.
Ştatın qərbində yerləşən Rino şəhərində 1300-ə yaxın ev köçürülüb. Burada və qonşu Sparks şəhərində məktəblər bağlanıb, bəzi işçilərə evdən çıxmamaq tövsiyə olunub.
Agentliyin məlumatına əsasən, qar uçqunları “Highway Patrol's Truckee” şosesi rayonunda hərəkəti iflic edib. Bu ərəfədə Nevada qubernatoru Brayan Sandoval ştatın ərazisində fövqəladə vəziyyət elan olunduğunu bildirib.
Yerli sakinlərin sözlərinə görə, ştatın ərazisində bu cür qar son illərdə ilk dəfə müşahidə olunur.