SİYASƏT
Niderland Krallığında 28 May-Respublika Günü qeyd edilib
Naqqa, 28 may, AZƏRTAC
Azərbaycanın Niderland Krallığındakı səfirliyində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Tədbirdə Niderland Krallığı Senatının baş katibi, Xarici İşlər, İqtisadiyyat nazirliklərinin və digər dövlət qurumlarının, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, ölkənin aparıcı işgüzar və elmi dairələrinin, Niderland ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, Azərbaycan diaspor təşkilatlarının fəalları iştirak ediblər.
Qəbul çərçivəsində təşkil olunan “dəyirmi masa” və görüşlər zamanı Bakıda keçirilən Azərbaycan-Niderland biznes forumuna qatılan Niderlandın rəsmi şəxsləri və iş adamları Prezident İlham Əliyev ilə görüşün təəssüratlarını bölüşüblər. Onlar ölkəmizdə hərtərəfli inkişafın və quruculuq işlərinin canlı şahidi olduqlarını vurğulayaraq, əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini bölüşüblər.
Qəbulda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, eləcə də Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisinə dair informativ materiallar və videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda geniş ziyafət verilib, qonaqlara milli mətbəximizin təamları təqdim olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris