İQTİSADİYYAT


Niderland Krallığında “İntermodal Europe 2016” beynəlxalq nəqliyyat və logistika sərgisi keçirilib

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Niderland Krallığının Rotterdam şəhərində nəqliyyat və logistika şirkətləri arasında nüfuz qazanan “İntermodal Europe 2016” adlı beynəlxalq nəqliyyat və logistika sərgisi keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumuna daxil olan şirkətlər: “ADY Express” MMC (Azərbaycan), “ACSC Logistics” MMC (Azərbaycan), “KTZ Express” (Qazaxıstan) və “GR Logistics&Terminals” (Gürcüstan) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu təqdim ediblər.

Vahid stendlə sərgidə iştirak edən konsorsium iştirakçıları nəqliyyat sahəsində imkanlarını təqdim ediblər. Xəzər regionundan keçməklə, Çindən Türkiyə və Avropa ölkələri istiqamətində yükdaşımalar həyata keçirmək üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsinin yaratdığı imkanlar, yüklərin nəql edilməsində yeni texnologiyalar və çatdırılma vaxtı sərgi iştirakçıları və qonaqlar tərəfindən böyük marağa səbəb olub.

Sərgi çərçivəsində, dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər keçirilib və danışıqlar aparılıb. “İntermodal Europe 2016” sərgisi bir daha TBNM layihəsinin dəyərini göstərməklə qlobal yükdaşımalar sistemində multimodal nəqliyyat sisteminin üstünlüyünü bir daha sübut edib.

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun nümayəndələri “Yeni İpək yolu: Avropa ilə Çini birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” adlı biznes sessiya keçiriblər. Biznes sessiyada Transxəzər Beynəlxalq Nəqliyyat konsorsiumunun müşahidə şurasının sədri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, konsorsiuma daxil olan Azərbaycan, Qazaxıstan və Gürcüstan şirkətlərinin nümayəndələri, Almaniyanın “DB Cargo” və DHL, İsveçrənin ASSTRA, Bolqarıstan, Rumıniya və Polşa yükdaşıyıcılarının nümayəndələri çıxış ediblər. Biznes sessiya zamanı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqda, onun imkanları, həyata keçirilən infrastruktur layihələr, yükgöndərən və yükdaşımalarla məşğul olanlar üçün yaradılan şərait və perspektivlər haqda ətraflı məlumatlar çatdırılıb. “DB Cargo”, DHL və ASSTRA şirkətlərinin nümayəndələri tədbir iştirakçıları ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar həyata keçirmələri haqda təcrübələrini bölüşüblər.

Keçirilən tədbirlər əsnasında, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təqdim etdiyi yeni logistika məhsuluna, yükdaşımalar bazarında böyük marağın olduğu dəfələrlə qeyd edilib.

Rotterdamda təşkil olunan tədbirin təşkilatçısı Azərbaycanın “ADY Express” şirkətidir. Bundan əvvəl isə il ərzində bu cür tədbirlər Çinin Şanxay şəhərində “Transport Logistics China 2016” və Ukraynanın paytaxtı Kiyev şəhərində “TransUkraina 2016” sərgiləri çərçivəsində keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.