SİYASƏT
Niderland portalında Ermənistanda nasistə abidə ucaldılmasını pisləyən məqalə yayılıb
Bakı, 28 iyun, AZƏRTAC
Niderlandın wereldjournalisten.nl (dünya jurnalistləri) portalında faşist generalı, milliyyətcə erməni olan və Njde kimi tanınan Qaregin Ter-Arutunyana heykəl qoyulmasını pisləyən məqalə yayılıb. “Nasistə heykəl” adlı məqalədə Njdenin ermənilər və Ermənistan dövləti tərəfindən bütləşdirilməsinə, qəhrəman imici formalaşdırılmasına cəhd göstərildiyi qeyd edilir.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müəllif qəhrəman kimi təqdim edilən Njdenin əslində Hitlerin əlaltısı, nasist ideologiyasına xidmət edərək İkinci Dünya müharibəsində kütləvi qətllərin törədilməsində birbaşa məsuliyyət daşıyanlardan biri olmasını oxucuların diqqətinə çatdırır.
Faşist generalına bəraət cəhdlərini pisləyən müəllif yazısını yəhudi tarixçi Efraim Zuroffun fikirləri ilə tamamlayır: “Biz faşistlərlə birgə vuruşan və onlara dəstək göstərənlərin qəhrəman kimi təqdim olunmasına qarşı çıxmalıyıq”.