DÜNYA
Niderland prokurorluğu: “MN17” reysi ilə uçan “Boinq” təyyarəsi “Buk” raket qurğusu ilə vurulub
Bakı, 5 mart, AZƏRTAC
Niderland prokurorluğunun mətbuat xidməti ötən il iyulun 17-də Amsterdam – Kuala-Lumpur reysini yerinə yetirən “Malaysia Airlines” şirkətinə məxsus “Boinq-777” sərnişin təyyarəsinin Ukraynanın Donetsk vilayəti ərazisində qəzaya uğramasının səbəblərini araşdıran Beynəlxalq kriminalistlər qrupunun təhqiqatlarının nəticələrini dərc edib.
AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, Niderland prokurorluğu təhqiqatların nəticələrinə əsaslanaraq təyyarənin faciə ərəfəsində Rusiyadan Ukraynaya gətirilmiş “Buk” raket qurğusu vasitəsilə vurulması qənaətinə gəlib.
Niderland prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilir ki, müstəntiqlər bir milyondan çox sənədi, o cümlədən video və fotoları toplayaraq analiz ediblər. Materialların həcminin həddindən artıq çox olması ekspertləri analitik qrupun tərkibini əhəmiyyətli dərəcədə genişləndirməyə vadar edib.
Ekspertlər belə nəticəyə gəliblər ki, təyyarəni vuran “Buk” raket qurğusu həmin vaxt ya Rusiya mütəxəssisləri, ya da onların rəhbərliyi altında separatçılar tərəfindən idarə olunub.
Həmçinin Niderland prokurorluğundan bildiriblər ki, bu ölkənin hüquq mühafizə orqanlarının əlində Rusiya Federasiyasının məxfi xidmətinin Hollandiya polisinin və prokurorluğunun kompyuter sistemini sıradan çıxarmağa cəhd göstərməsi barədə əsaslı dəlillər var.