QAN YADDAŞI
Niderland telekanalında Xocalı soyqırımı haqqında veriliş yayımlanıb VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Niderland Krallığının “NPO 2” televiziya kanalında Xocalı soyqırımına həsr olunan veriliş yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, kanalın müsəlmanlar üçün təsis edilən yayım qurumunda efirə gedən 10 dəqiqəlik verilişdə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Xocalı soyqırımı ilə bağlı anım tədbirlərinə geniş yer verilib.
Telekanalın əməkdaşı Burhanettin Çarlakın hazırladığı proqramda Ermənistanın Azərbaycana təcavüzü, ərazimizin 20 faizini işğal altında saxlaması, bir milyondan artıq azərbaycanlının öz yurdlarından didərgin düşməsi, Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı soyqırımı törətməsi, insanların ağlasığmaz işgəncələrlə öldürülməsi azərbaycanlı və türk müsahiblərin dili ilə tamaşaçıların diqqətinə çatdırılıb.
Verilişdə hollandların çıxışlarına da yer verilib. Jurnalist Jak Kroes müsahibəsində 23 il əvvəl Xocalıda törədilmiş faciəni heç bir bəraəti olmayan cinayət adlandırıb. O, Avropa Şurası, Avropa Parlamenti, Beynəlxalq Ədalət Məhkəməsi kimi qurumları Xocalı faciəsinə ədalətli qiymət verməyə, günahkarların cəzalandırılması üçün konkret addımlar atmağa çağırıb.
Proqramda bu ölkədə yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, Benilüks Azərbaycanlıları Konqresi və təşkilatın nəzdində fəaliyyət göstərən Ana dili məktəblərinin fəaliyyətindən də bəhs edilib.
Qeyd edək ki, bu, yerli telekanalda Azərbaycan haqqında ilk veriliş deyil. Jurnalist Burhanettin Çarlak daha əvvəl də Niderland televiziyaları üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Azərbaycan mədəniyyəti və digər mövzularda verilişlər hazırlayıb.