QAN YADDAŞI
Niderlandda “Yolumuz Qarabağa” layihəsi həyata keçiriləcək
Amsterdam, 25 fevral, AZƏRTAC
Niderland Krallığında fəaliyyət göstərən Avropa Azərbaycan Dostları Mərkəzi (AADM) tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlər planı AADM-ın 2016-cı ilin dekabr ayında keçirilmiş illik toplantısında təsdiq edilib. Mərkəzin əsas məqsədi 2017-ci ilin Niderlandda “Xocalı ili” kimi qəbul edilməsinə nail olmaq idi.
AADM-ın irəli sürdüyü bu təklif Azərbaycanın Mədəniyyət Nazirliyi ilə müzakirə edilib və Niderland parlamentinə, bu ölkədə fəaliyyət göstərən insan haqları təşkilatlarına, Niderlandın “De Volkskrant”, “De Telegraaf”, “Elsevier”, “AD Den Haag”, “Het Nederlandse Dagblad” kimi nüfuzlu mətbuat orqanlarına bu barədə rəsmi məlumatlar göndərilib.
Anım tədbirləri DUFOA təşkilatı ilə birgə hazırlanaraq, “Yolumuz Qarabağa” adlı layihə çərçivəsində keçiriləcək. Bu layihə çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbirlərin il ərzində Niderlanddakı kollec və məktəblərdə, eləcə də müxtəlif gənclər təşkilatlarının konfranslarında keçirilməsi planlaşdırılıb. Nəzərdə tutulan tədbirlər mədəniyyət, incəsənət və musiqi formatında keçiriləcək. Bu məqsədlə AADM tərəfindən bir neçə layihənin – “Xarı bülbül” və “Hərbsiz dünya” adlı ədəbi-bədii gecələrin, “Əlvan çiçəklər” adlı silsilə kukla teatrlarının, eləcə də “Multikulturalizm və müxtəliflik” adı altında gənclər arasında debatların keçirilməsi nəzərdə tutulub.
AADM rəhbərliyi həmin layihələrin icrası ilə bağlı Avropa ölkələrindəki cari ictimai-psixoloji vəziyyətdən məqsədyönlü şəkildə istifadə etməyə çalışır. Belə ki, hazırda Avropa əhalisi istənilən müharibə, münaqişə, etnik və dini diskriminasiya hallarına qarşı ciddi etiraz bildirir. Avropa cəmiyyəti başa düşür ki, buradakı təhlükəsizliyi təmin etmək üçün dünyanın müxtəlif yerlərdə baş vermiş haqsızlıqlara göz yummaq olmaz.
“Yolumuz Qarabağa” layihəsinin icrası zamanı məhz bu kimi amillərdən istifadə olunacaq. Ümumilikdə, həmin layihələr çərçivəsində əsas məqsəd Dağlıq Qarabağla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması, xüsusilə də holland xalqının ictimai-mədəni tarixində gələcək nəsillər üçün arxivləşdirilməsidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Amsterdam