İQTİSADİYYAT
Niderlandda aqrar sahədə xarici investisiyaların Azərbaycan iqtisadiyyatına cəlb olunması məsələləri müzakirə olunub
Bakı, 31 oktyabr, AZƏRTAC
Kənd təsərrüfatı naziri Heydər Əsədovun Niderland Krallığında səfəri çərçivəsində iki ölkə arasında aqrar sahədə davamlı və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması, ticarət dövriyyəsinin artırılması və digər məsələlər müzakirə olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, H.Əsədov bu ölkənin kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış şirkətlərində olub. Nazir Niderlandın istixanalarının ilkin dizaynı ilə yanaşı, hazırda Azərbaycanla sıx əməkdaşlıq edən “Certhon”, Qərbi Avropada meyvə və tərəvəz qablaşdırılması və bölgüsü üzrə ixtisaslaşmış ən böyük şirkətlərdən olan “Greenpack”, bağçılıq sahəsində ixtisaslaşmış “Lans Westland”, tərəvəz toxumçuluğu bazarında ən böyük 5 şirkətdən biri sayılan “Rijk Zwaan” şirkətlərinin rəhbərləri ilə görüşərək, onların iş təcrübəsi ilə tanış olub.
H.Əsədov heyvan əti istehsalı üzrə dünyada 1-ci, süd istehsalına görə dünyada lider şirkətlərdən olan və Avropa ölkələrinin dana ətinə olan ümumi tələbatının 28 faizini ödəyən “VanDrie Group”, dünyada quşçuluq üzrə lider şirkətlərdən biri olan “Marel Poultry”, Avropada ən mühüm bağçılıq kooperativlərindən olan “Royal Zon“ dərnəyinin rəhbərləri ilə görüşüb.
Şirkət rəhbərləri ilə görüşdə nazir Heydər Əsədov Azərbaycanın kənd təsərrüfatı sahəsində geniş potensiala malik olduğunu, ölkəmizin iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişliliyini, kənd təsərrüfatı məhsullarının isə ekoloji baxımdan keyfiyyətli olduğunu nəzərə çatdırıb.
Görüşlərdə həmçinin prioritet sahələr üzrə tərəflər arasında fikir mübadiləsi aparılıb.