SİYASƏT
Niderlanddakı Azərbaycan diasporu erməni lobbisinin keçirmək istədiyi seminara etiraz edir
Bakı, 3 noyabr, AZƏRTAC
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi ermənilərin Amsterdamda keçirmək istədiyi seminarla bağlı etiraz bəyanatı yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bir necə gündür Niderland mətbuatında noyabrın 7-də Amsterdam Müstəqil Universitetində (Vrije Universiteti Amsterdam) “Tanınmamış ölkələr, problemin həlli nədir” adlı seminar keçiriləcəyinə dair məlumatlar yer alır. Yayılan xəbərlərə görə, seminara Niderland parlamentinin Sosialistlər Partiyasından olan üzvü Harri van Bommel, iki holland araşdırmaçı və qondarma “Dağlıq Qarabağ Respublikası”nın “parlamenti”ndən Armen Sərkisyan dəvət edilib. Seminarın təşkilatçısı erməni lobbisinin Niderlandda fəaliyyət göstərən “Haytad komitəsi”dir.
Seminar barədə xəbərlər yayıldıqdan dərhal sonra Hollandiyada fəaliyyət göstərən müstəqil təşkilatlar etiraz bəyanatları ilə çıxış ediblər. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi də seminarın təşkilatçılarına və iştirakçılarına öz etirazını bildirib.
Bəyanatda Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, bir milyona yaxın azərbaycanlının öz doğma torpağından qovulduğu, ağlasığmaz işgəncələrə məruz qaldığı, əsir götürüldüyü və amansızlıqla qətlə yetirildiyi diqqətə çatdırılır. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin süni şəkildə yaradıldığı vurğulanaraq, yalnız bir tərəfin maraqlarına hesablanmış seminarların keçirilməsinin məqsədəuyğun olmadığı bildirilir.
Bəyanatda qeyd olunur ki, bu layihə həqiqətən də xalqların sülh şəraitində yaşaması və münaqişənin həlli yollarının araşdırılmasına yönəlibsə, burada Azərbaycan nümayəndələrinin də iştirakı təmin edilməli, onların fikirləri dinlənilməlidir.