CƏMİYYƏT
Niderlandlı mütəxəssislər radioloqlar üçün məşğələ keçəcəklər
Bakı, 13 oktyabr, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda tibb elminin ən son nailiyyətlərinin yerli həkim-mütəxəssislərə çatdırılması məqsədilə beynəlxalq təhsilə önəm verilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti məşğələlər Niderlanddan olan mütəxəssislərin iştirakı ilə oktyabrın 29-30-da keçiriləcək. Seminarda Sionsberq Hospitalinın radioloqu Peter Jurriaan Fahner və Treant Health Care Groupun radioloqu Allard Willem Olthof radiologiyanın aktual məsələləri ilə bağlı məruzə edəcəklər. Məruzələr abdominal radiologiya, sümük-əzələ sistemi, süd vəzisi radiologiyası və neyroradiologiya mövzularına həsr olunacaq. Eyni zamanda, qarında ağrılar, qaraciyərin zədələnməsi, insultlar və dağınıq sklerozun rentgenoloji diaqnostikası, süd vəzisi xərçənginin diaqnostikasında radioloji taktika, sümük və oynaqların zədələnməsinin diaqnostikası məsələləri araşdırılacaq. Mühazirələrdən sonra diskussiyaların aparılması planlaşdırılır.
Məşğələlərdə institutda təhsil alan həkim-müdavimlərlə yanaşı, respublikanın müxtəlif tibb müəssisələrinin həkimləri də iştirak edə bilərlər.