SİYASƏT
Nifrət çıxışlarının qarşısının alınmasına dair müzakirələr aparılıb VİDEO
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Nifrət çıxışlarına “Yox” Hərəkatı (#SpreadNoHate): Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi” mövzusunda bölmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın moderatoru, xarici məsələlər üzrə ixtisaslaşmış, mükafata layiq görülmüş jurnalist və redaktor xanım Susan Sachs mövzunun aktuallığını, eyni zamanda, mürəkkəb olduğunu bildirib. Diqqətə çatdırıb ki, nifrət çıxışlarının universal anlayışı yoxdur, yəni, bu, zorakılığa, işgəncələrə çağırışlar və s. ola bilər. Lakin başa düşmək lazımdır ki, nifrət dolu çıxışlar ilan zəhərinə oxşayır. Təhlükəli çıxışlar getdikcə təhlükəli hadisələr doğura bilər. Nifrət çıxışları yeni məsələ deyil. Son illər qaçqınların və sığınacaq axtaran insanların problemləri ksenofobiyanın və digər mənfi ideologiyanın yayılmasına gətirib çıxarıb. Bu cür çıxışlar KİV-də yayıla, hamımıza sirayət edə bilər. Odur ki, biz müsbət çıxışlar etməliyik. Biz vahid dünyanın sakinləriyik. Zorakılığın qarşısını alan bir qüvvə olmalıdır. Bu baxımdan müzakirə edilən mövzu mühüm əhəmiyyət daşıyır.
Avropa Şurasının Nifrət Nitqinə “Yox” Hərəkatının (#SpreadNoHate) əlaqələndiricisi Menno Ettema çıxışından əvvəl mövzu ilə bağlı videoçarx təqdim edib. Bildirib ki, təmsil etdiyi hərəkat 2013-cü ildə başlanıb. Biz fikir azadlığını məhdudlaşdırmaq istəmirik, əksinə, insan haqlarını qorumaq istəyirik. Bu istiqamətdə 2017-ci ildə növbəti toplantı olacaq. Əsas məsələ məlumatlılığı artırmaq və maarifləndirməkdir. Avropa Şurası tərəfindən nifrət çıxışının tərifi ilk dəfə 1997-ci ildə verilib. Lakin keçən dövr ərzində dünyada bir çox dəyişikliklər baş verib və ona görə də bu tərif dəyişilməlidir. Çətinlik siyasi sənədin təcrübədə tətbiqi ilə bağlıdır. Hərəkatda gənclərin rolu zəruridir. Nifrət çıxışlarına cavab olaraq başqa təlimatlar yayılmalıdır.
Arakan Rohingya Birliyinin baş katibi Vakar Uddin Birmada müsəlmanlara qarşı nifrət çıxışlarından söz açıb. Qeyd edib ki, hadisələr zamanı dövlət qurumları birbaşa nifrət çıxışı etməsələr də, müsəlmanlara qarşı nifrətli çıxışlar üçün zəmin yaratmışdı. Hadisələr ifrat millətçilik və dini ekstremizmin bir nümunəsi idi. Lakin nəzərə almaq lazımdır ki, insanlar savadsız olanda ekstremist çıxışlardan zorakılığa səfərbərlik məqsədilə istifadə olunur. Nifrət çıxışları o qədər zəhərlidir ki, o, cəmiyyətdə geniş yayıla bilər. Odur ki, beynəlxalq birlik bu cür halların qarşısının alınması yolları üzərində düşünməlidir.
“Kaspian” Beynəlxalq Yayım Şirkətinin baş direktoru Azər Xəlilov diqqətə çatdırıb ki, ərazisinin 20 faizi işğal edilən, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanın əhalisinə qarşı nifrət çıxışı məhz Ermənistan dövlətinin rəhbərliyi tərəfindən edilib. Doğrudur, nifrət çıxışları ilə bağlı universal anlayış yoxdur, lakin bunun əlamətləri var. Təəssüf ki, bəzən bu cür çıxışları məhz ictimai xadimlər səsləndirirlər.
Tədbir iştirakçıları A.Xəlilovun təqdim etdiyi videoçarxda Xocalı faciəsinin qurbanlarına, eyni zamanda, qonşu dövlətin rəhbərinin nifrət çıxışına dair materialları izləyiblər.
Sonra A.Xəlilov vurğulayıb ki, nifrət çıxışları faciələrə gətirib çıxara bilər. Beynəlxalq internet ictimaiyyəti müəyyən qayda, prinsip, təlimatların hazırlanması üzərində fikirləşə və bu sahəyə öz töhfəsini verə bilər.
Şimali Karolina Universitetinin kommunikasiya üzrə professoru Kemal İlter müzakirə iştirakçılarının diqqətini sosial medianın nifrət çıxışlarının yayılmasında rolu və həlli yollarına yönəldib. Bildirib ki, sosial media ekstremistlər üçün cəlbedicidir, çünki bu, çox ucuz başa gələn məlumat yayımı kanalıdır. Lakin sosial media ismarıcları milyonlarla insanı əhatə edə və böyük problemə çevrilə bilər. Məsələn, yalançı akaunt və gizli profillər vasitəsilə nifrət dolu çıxışlar yayıla bilər. Bu sahədə heç bir redaktor nəzarəti, peşəkar nəzarət mövcud deyil. Sosial media texnologiyaları ilə bağlı ədəbiyyat hazırlanmalı, məktəblərdə kurslar təşkil edilməli, kampaniyalar keçirilməli, valideynlər bu işə cəlb olunmalı və risk təhlükəsi qrupu olan yeniyetmələr maarifləndirilməlidirlər. Sözsüz ki, müvafiq istiqamətdə beynəlxalq əməkdaşlıq da öz töhfəsini verə bilər.
S.Rajaratnam adına Beynəlxalq Elm Məktəbinin Siyasi Zorakılıq və Terrorizm Araşdırmaları üzrə Beynəlxalq Mərkəzinin (ICPVTR) meneceri və elmi işçisi xanım Jolene Jarard mühüm mövzuların müzakirə edildiyi bu tədbirin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Qeyd edib ki, sosial media problemin həllinə həm kömək edə, həm də onu dərinləşdirə bilər. Müvafiq istiqamətdə qanunvericiliyin tətbiq olunması vacibdir. Biz radikalizm ideologiyasına qarşı təsirli olan bir dünya qurmalıyıq.
“International New-York Times” qəzetinin İspaniya və Portuqaliya üzrə müxbiri Raphael Minder Azərbaycan hökumətinə Forumun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkür edib. Bildirib ki, fikir azadlığı qorunmalıdır. Bu, milli səviyyədə nəzərdən keçirilən məsələdir. Lakin fikir azadlığı düzgün məcrada yönəlməli, nifrət çıxışları yayılmamalıdır.
Bölmə iclası çıxışlar ətrafında müzakirələrlə davam edib.