İDMAN


Nigar Arpadarai: Formula-1 Azərbaycan Qran-Prisi gözlədiyimizdən də uğurlu oldu VİDEO

Bakı, 8 iyul, Səxavət Quliyev, AZƏRTAC

Ötən ay Bakıda keçirilən ikinci Formula-1 yarışı gözlədiyimizdən də uğurlu oldu. Nəticələr çox möhtəşəmdir. Həm bilet satışı, həm də gələn qonaqların marağı baxımından nəticələr çox yüksəkdir.

Bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

N.Arpadarai bildirib ki, dörd gün ərzində yarışa baxmağa gələnlərin sayı 71 mindən çox olub. Bu keçən illə müqayisədə 30 faiz çoxdur. Turistlərin bilet alışında isə iki dəfə çox artım olub. Yarış günlərində 14 seksiyadan 6-sı tam, qalanları isə 95-97 faiz dolu idi. Ümumilikdə tribunaların doluluq faizi 95-97 faiz təşkil edib. Biz tərəfdən təşkilatçılıq yüksək səviyyədə həyata keçirilmişdi. Bakıya gələn Formula-1, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) nümayəndələri, pilotlar, komandalar yaradılan şəraitdən məmnunluqlarını bildirirdilər. Lakin yarışın necə olması pilotlardan asılı idi. Yarışın həyəcanlı olması Bakı şəhər halqasının konfiqurasiyasının maraqlı və çətinliyi ilə əlaqədardır.

“Yarış zamanı iki dəfə qırmızı bayraq göstərilib və pilotların gərgin idman mübarizəsi nəticəsində bizim “Twitter” hesabımız - #AzerbaijanGP həştəqi üç saat ərzində dünya trendləri arasında birinci olub. Bu, çox yüksək göstəricidir. Çünki həmin vaxt milyonlarla insan Azərbaycan Qran-Prisi haqqında yazırdı, “re-tvit” və paylaşımlar edirdi. Bu, Azərbaycanın təbliği baxımından çox gözəl nəticədir. Cari yarışla bağlı hələ də araşdırmaları aparır və nəticələri toplayırıq. Yarış zamanı da qonaqlar arasında sorğular təşkil olunub. Biz bu hesabatları tezliklə mediaya təqdim edəcəyik”, - deyə N.Arpadarai əlavə edib.

Əməliyyat Şirkətinin departament rəhbəri bildirib: “biz hazırda demontaj işlərini davam etdiririk. Təhlükəsizlik baryerləri, beton bloklar və tribunalar yığışdırılır. Bu proses avqustun ortasınadək davam edəcək. FIA-nın ilkin siyahısına görə, gələn il Azərbaycan Qran-Prisi apreldə təşkil olunacaq. İlkin təqvim olduğu üçün vaxtda dəyişiklik edilə bilər. Qarajların yerləşdiyi pit binası növbəti yarış üçün saxlanılacaq. Digər avadanlıq isə yığışdırılacaq və yarışdan əvvəl yenidən quraşdırılacaq. Niyazi küçəsində yerləşən qənbər daşlı yolun asfalt hissəsi sökülməyəcək. İldən-ilə təcrübəmiz artdığı üçün və avadanlığın, infrastrukturun hazır olması, montaj işləri az vaxt aparacaq. Keçən illə müqayisədə tribunaların quraşdırılmasına az vaxt tələb olundu. Sentyabrdan növbəti yarışın hazırlığına start verəcəyik. Bütün işlərimizi elə quracağıq ki, aprelə tam hazır olaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.