MƏDƏNİYYƏT


Nijni Novqorodda Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub

A+ A

Moskva, 31 oktyabr, AZƏRTAC

Nijni Novqorodda SSRİ Xalq Artisti, Azərbaycanın görkəmli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevə həsr edilmiş möhtəşəm konsert olub. Tədbir Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Nijni Novqorod regional bölməsi, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Nijni Novqorod nümayəndəliyi və Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu tərəfindən təşkil edilib.

Konsertin keçirildiyi məkanda - Dəmiryolçuların Mərkəzi Mədəniyyət Evinin foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunan fotoşəkillər, bioqrafik kitablar və musiqi irsindən ibarət sərgisi maraqla qarşılanıb.

Tədbirin rəsmi hissəsində Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun prezidenti Tamara Sinyavskaya, Nijni Novqorod vilayətinin mədəniyyət naziri Sergey Qorin və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun adından konsertin təşkilatçılarına və iştirakçılarına ünvanlanan təbrik məktubları oxunub.

ÜAK-ın Nijni Novqorod regional bölməsinin sədri Azad Səmədov və qurumun icraçı direktoru Roman Ağayev Azərbaycan xalqının bu böyük oğlunun xatirəsini qəlbində yaşadan konsert iştirakçılarına minnətdarlıq edərək vurğulayıblar ki, Müslüm Maqomayevin dahiyanə yaradıcılığı dost və qardaş Rusiya və Azərbaycan xalqlarının mədəni irsinin ortaq qaynağıdır.

ÜAK nümayəndəsi, “Lider” televiziyasının Rusiyadakı müxbir bürosunun rəhbəri Anar Həsənov Müslüm Maqomayevin həyat və yaradıcılığı, parlaq və təkrarolunmaz konsertləri, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin rolunda çəkilməsi, həmçinin müğənni-bəstəkarın insani keyfiyyətləri – hədsiz populyarlığına baxmayaraq, təbii təvazökarlığı, sənətkar kimi prinsipiallığı barədə qısaca söhbət açıb.

Ümumittifaq, Ümumrusiya və beynəlxalq estrada mahnıları müsabiqələrinin qalibi, dəfələrlə Azərbaycanda və Rusiya şəhərlərində oxşar konsertlərdə çıxış etmiş, unikal ifa tərzi və qəlblərə yol tapan səsi ilə tamaşaçı rəğbəti qazanmış Azərbaycanın Əməkdar Artisti Nikolay Penyakinin ifası gurultulu alqışlarla qarşılanıb.

Konsertdə digər ifaçılar – Ümumrusiya və beynəlxalq müsabiqələrin laureatları Anton Utkin, İvan Boqatov, Aleksandr Saryov, habelə Araz Zeynalov və Ayturan Süleymanlı da öz istedadlarını nümayiş etdiriblər. Nijny Novqoroddakı Azərbaycan rəqsləri məktəbinin yetirmələrindən təşkil olunan “Qarabağ” ansamblı milli rəqslərimizi təqdim edib.

Sonda konsertin bütün iştirakçıları ÜAK-ın Nijni Novqorod regional bölməsinin təşəkkür məktubları ilə təltif olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.